Azərbaycanın IT təhsili və təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan Coders Azerbaijan beynəlxalq fəaliyyətini genişləndirərək Afrika bazarında yeni texnoloji layihəyə başlayıb. Şirkətin Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanmış “Performance MS” rəqəmsal təhsil idarəetmə platforması Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən Don Bosco Peşə Təhsili Mərkəzində tətbiq olunur.
Layihə çərçivəsində Don Bosco Peşə Təhsili Mərkəzinin tələbələri, müəllimləri, inzibati heyəti və karyera şöbəsinin əməkdaşları gündəlik fəaliyyətlərində Coders Azerbaijan tərəfindən hazırlanmış rəqəmsal platformadan istifadə edəcəklər. Layihənin əsas məqsədi təhsil müəssisəsinin akademik, inzibati və karyera proseslərini vahid rəqəmsal sistemdə birləşdirərək tədrisin idarə olunmasını daha səmərəli və əlçatan etməkdir.
Performance MS təhsil müəssisələrinin akademik və inzibati proseslərinin rəqəmsallaşdırılması məqsədilə hazırlanmış çoxfunksiyalı texnoloji məhsuldur. Platforma tələbələrin davamiyyətinin və akademik nəticələrinin izlənilməsi, tapşırıq və imtahanların idarə olunması, tədris materiallarının paylaşılması, sertifikatlaşdırma və fərdi inkişaf göstəricilərinin monitorinqi kimi imkanları özündə birləşdirir. Bununla yanaşı, sistem tələbələrin CV hazırlaması, vakansiya və təcrübə imkanları ilə tanış olması, eləcə də karyera inkişafı prosesinin idarə olunması üçün funksionallıqlar təqdim edir. Həm veb, həm də mobil tətbiq üzərindən istifadəyə imkan verən platforma müəllimlər, tələbələr, inzibati heyət və karyera şöbələri arasında məlumat mübadiləsini asanlaşdırır, tədris və idarəetmə proseslərinin vahid sistem üzərindən təşkilinə şərait yaradır.
Coders Azerbaijan-ın həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov bildirib ki, Keniyada həyata keçirilən layihə şirkətin beynəlxalq inkişaf strategiyasında mühüm mərhələlərdən biridir. Onun sözlərinə görə, Coders-in əsas hədəflərindən biri yalnız Azərbaycanda IT sahəsində peşəkar kadrlar hazırlamaq deyil, həm də yerli mütəxəssislərin yaratdığı texnoloji məhsulları beynəlxalq bazarlara çıxarmaqdır. Azərbaycan komandası tərəfindən hazırlanmış rəqəmsal platformanın Afrika qitəsində real tədris prosesinə inteqrasiya olunması ölkənin təhsil texnologiyaları sahəsində potensialının beynəlxalq səviyyədə nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Seymur Həmidov qeyd edib ki, Coders növbəti mərhələdə Afrika və digər beynəlxalq bazarlarda təhsil texnologiyaları, rəqəmsal transformasiya, süni intellekt savadlılığı, IT təhsili və peşəkar kadr hazırlığı istiqamətlərində fəaliyyətini genişləndirməyi hədəfləyir. Şirkət bu istiqamətlərdə yeni beynəlxalq tərəfdaşlıqlar qurmağı və irimiqyaslı təhsil və texnologiya layihələrində iştirakını artırmağı planlaşdırır.
Qeyd edək ki, Coders Azerbaijan 2016-cı ildən etibarən Azərbaycanda IT sahəsində peşəkar kadr hazırlığı üzrə fəaliyyət göstərən aparıcı təhsil şirkətlərindən biridir. Şirkət proqramlaşdırma, kibertəhlükəsizlik və data elmi olmaqla üç əsas istiqamət üzrə peşəkar tədris proqramları həyata keçirir.
Coders Azerbaijan beynəlxalq səviyyədə tanınan EC-Council və Python Institute tərəfindən Azərbaycanda ilk akkreditə olunmuş tədris mərkəzi statuslarını qazanıb. Şirkət, eyni zamanda, Harvard Universitetinin dünyaca məşhur CS50x proqramının Azərbaycandakı yeganə təmsilçisi kimi fəaliyyət göstərir.
Şirkət beynəlxalq bazarlardakı fəaliyyətini Coders Global brendi altında həyata keçirir. Coders Global təhsil fəaliyyəti ilə yanaşı, texnoloji məhsulların hazırlanması, rəqəmsal transformasiya, IT xidmətləri və konsaltinq istiqamətlərində həllər təqdim edir. Şirkət həmçinin dövlət qurumları, korporativ təşkilatlar və beynəlxalq tərəfdaşlarla IT və süni intellekt sahəsində peşəkar kadr hazırlığı və texnoloji inkişaf layihələri üzrə əməkdaşlıqlarını genişləndirir.
Keniyada Performance MS platformasının tətbiqi Coders Global-ın Azərbaycan mənşəli texnoloji məhsulları beynəlxalq bazarlara çıxarmaq istiqamətində həyata keçirdiyi layihələrdən biridir. Bu təşəbbüs şirkətin Afrika bazarında yeni əməkdaşlıq imkanları yaratmaq, beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirmək və Azərbaycanda hazırlanmış texnoloji həllərin qlobal miqyasda tətbiqini təşviq etmək strategiyasının tərkib hissəsidir.


