Coders Azerbaijan və “İnsan Resurslarının İdarə Olunması” İctimai Birliyi arasında insan resurslarının idarə edilməsində müasir texnologiyaların tətbiqi, süni intellekt imkanlarından səmərəli istifadə və rəqəmsal bacarıqların inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq imkanları müəyyənləşdirilib.
Əməkdaşlığın əsas məqsədi HR sahəsində çalışan mütəxəssislərin texnoloji bilik və bacarıqlarının artırılması, müasir İT həllərinin insan resurslarının idarə edilməsi proseslərinə inteqrasiyası və əmək bazarının dəyişən tələblərinə uyğun peşəkar kompetensiyaların inkişafına dəstək göstərməkdir.
Əməkdaşlıq çərçivəsində süni intellekt alətlərinin HR proseslərində tətbiqi, işə qəbulun rəqəmsallaşdırılması, namizədlərin ilkin qiymətləndirilməsi, işçi performansının təhlili, eləcə də təlim və inkişaf proseslərinin optimallaşdırılması üzrə bilik və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.
Bununla yanaşı, rəqəmsal savadlılığın artırılması, süni intellekt və müasir texnologiyalar üzrə maarifləndirici tədbirlərin təşkili, ixtisaslaşmış təlim proqramlarının hazırlanması, seminarların və praktiki məşğələlərin keçirilməsi kimi əməkdaşlıq imkanları da dəyərləndiriləcək.
Bu təşəbbüs insan resurslarının idarə edilməsi və informasiya texnologiyaları sahələri arasında əlaqələrin gücləndirilməsinə, HR mütəxəssislərinin yeni texnoloji çağırışlara uyğunlaşmasına və təşkilatlarda innovativ idarəetmə yanaşmalarının təşviqinə xidmət edəcək.
Coders Azerbaijan və “İnsan Resurslarının İdarə Olunması” İctimai Birliyi əməkdaşlığın gələcək mərhələlərdə konkret layihələr, birgə təlim proqramları və peşəkar inkişaf təşəbbüsləri vasitəsilə genişləndirilməsi imkanlarını nəzərdən keçirəcək.


